MƏDƏNİYYƏT
TÜRK ALİMİ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN FƏXRİ ÜZVÜ, BAKI ASİYA UNİVERSİTETİNİN FƏXRİ DOKTORUDUR
Ankara Folklor Araşdırmaları İnstitutunun direktoru, qardaş ölkələrimiz arasında ədəbi əlaqələrin daha da möhkəmləndirilməsində və inkişafında əvəzsiz xidmətləri olan professor İrfan Ünver Nəsrəddinoğlu “Azərbaycan dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinin dəvəti ilə Bakıda səfərdə olmuşdur.
Səfər müddətində qonaq bir sıra görüşlər keçirmişdir. Yazıçılar Birliyındə olarkən ona müasir ədəbi mühit barədə ətraflı məlumat verilmişdir. İdarə Heyətinin qərarı ilə İ. Ü. Nəsrəddinoğlu Azərbaycan Yazıçılar Birliyinın fəxri üzvü seçilmişdir.
Türk alimi Bakı Asiya Universitetinin fəxri doktoru adına da layiq görülmüşdür. Bu münasibətlə BAU-da keçirilən mərasimi universitetin rektoru, filologiya elmləri doktoru, professor Cəlil Nagıyev açaraq, Azərbaycan ədəbiyyatının və folkronunun qardaş Türkiyədə təbliğində İrfan bəyin xidmətlərindən danışmışdir. Bildirilmişdir ki, 57 kitabın, 400-dək məqalənin müəllifi olan alim həm də ölkəmizin 50 şairinin şerlərindən ibarət “Azərbaycan şeri antologiyası” kitabını, xalq şairi Nəbi Xəzrinin həyat və yaradıcılıgından bəhs edən dəyərli monoqrafiya, Azərbaycan folkloruna aid 100-dən artıq məqalə yazmışdır.
Universitetin prorektoru, professor Sənan Mustafayev, dosent Mirheydər Mirzəyev, yazıçı-dramaturq Əli Səmədli və başqaları çıxış edərək, fəxri doktor adı verilməsi münasibətilə qonağı təbrik etmiş, ona ölkələrimiz arasında ədəbi əlaqələrin genişləndirilməsində yeni uğurlar arzulamışlar.
İ.Ü.Nəsrəddinoğlu ona göstərilən yüksək etimada görə minnətdarlıq etmiş, fəxri doktor kimi BAU-da istənilən vaxt tələbələrə mühazirə oxumağa hazır olduğunu bildirmişdir.