MƏDƏNİYYƏT
Tamaşaçıların kinoteatrlara marağının artmasında kinoteatr şəbəkələrinin xüsusi rolu var
Bakı, 25 avqust, AZƏRTAC
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev “Cinema Plus” kinoteatrlar şəbəkəsinin direktoru Zaur Darabzadə və “Park Cinema” kinoteatr şəbəkəsinin satış və marketinq üzrə direktoru Musa Axundovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Ə.Vəliyev milli kinonun inkişafı istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışaraq, son illər ölkədə özəl kino sahəsindəki canlanmanı müsbət qiymətləndirib, tamaşaçıların kinoteatrlara marağının artmasında “Cinema Plus” və “Park Cinema” kinoteatr şəbəkələrinin xüsusi rolu olduğunu qeyd edib.
Görüş zamanı kinoteatrlarda Azərbaycan filmlərinin nümayişi, xarici filmlərin dilimizə dublyaj edilərək nümayiş olunması, dublyaj səviyyəsinin yaxşılaşdırılması, kinoteatrlarda biletlərin satış qiymətləri, sözügedən kinoteatr şəbəkələrinin Mədəniyyət və Turizm Nazirliyi ilə müxtəlif istiqamətlərdə əməkdaşlığı və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Zaur Darabzadə və Musa Axundov rəhbərlik etdikləri kinoteatr şəbəkələrinin fəaliyyəti, gələcək planları və perspektivləri haqqında ətraflı məlumat veriblər.