CƏMİYYƏT
“Tariximizə muzeylərin gözü ilə baxış” layihəsinin icrası başa çatıb
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə həyata keçirilən “Tariximizə muzeylərin gözü ilə baxış” layihəsinə yekun vurulub.
YAP GB-dən AZƏRTAC-a bildiriblər ki, bağlanış mərasimində layihə rəhbəri Aytən Hüseynova əsas məqsədin gənclərin muzeylərə marağının artırılması, tariximiz və milli mənəvi dəyərlərimizlə daha yaxından tanışlıq olduğunu vurğulayıb. Qeyd edilib ki, layihə çərçivəsində Heydər Əliyev Mərkəzindəki “Azərbaycan inciləri” sərgisinə, Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarix Muzeyinə ekskursiyalar təşkil olunub. Gənclər Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında müasir eksponatlar vasitəsilə maraqlı məlumat əldə ediblər. “Azərbaycan inciləri” sərgi zalında tariximizi və milli mədəni irsimizi əks etdirən eksponatlar layihə iştirakçılarının böyük marağına səbəb olub. Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya zamanı layihə iştirakçıları Azərbaycanın eramızdan əvvəlki dövrdən indiyədək olan tarixi, eləcə də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanışlığı təşkil edilib.
Tədbirdə "Tariximizə muzeylərin gözü ilə baxış" layihəsinin icrası zamanı gənclərin yüksək fəallığının müşahidə olunduğu xüsusi vurğulanıb. Qeyd edilib ki, layihə gənclərimizin muzeylərə marağının artırılmasına mühüm töhfə verib.