İQTİSADİYYAT


Tbilisidə Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrində elektrik enerjisi istehsalı müzakirə olunur

Tbilisi, 15 fevral, AZƏRTAC

Fevralın 15-də Tbilisidə Xəzəryanı və Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin, energetika üzrə məsul əməkdaşların, ekspertlərin və beynəlxalq maliyyə korporasiyalarının rəhbərlərinin iştirakı ilə “Hidroenergetika: Xəzər hövzəsi və Mərkəzi Asiya” adlı beynəlxalq konqres işə başlayıb.

Gürcüstanın energetika nazirinin müavini İlya Elaşvili tədbirdə çıxış edərək bildirib ki, bu gün dünyada, eləcə də regionda elektrik enerjisi istehsalında bir sıra problemlər yaşanır. Konqresin əsas məqsədlərindən biri də bu məsələləri müzakirə etməkdir.

Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə energetika sahəsində yeniliklər, iştirakçı ölkələrdə əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatı, enerji təhlükəsizliyi, kiçik, orta və irihəcmli elektrik stansiyalarının tikintisi, alternativ enerji mənbələrinin yaradılması, elektrik enerjisi mübadiləsi və s. məsələlər müzakirə olunur.

Tədbir çərçivəsində bəzi ölkələrdəki atom elektrik stansiyalarının yaratdığı problemlər də diqqət mərkəzində olub, bu cür stansiyaların bağlanması ilə bağlı təkliflər səslənib.

Azərbaycan nümayəndə heyətinin üzvü, “Azərenerji” ASC-nin Energetika İnstitutunun baş mühəndisi Cəlaləddin Vəliyev konqresdə çıxış edib, ölkəmizdə əhalinin təhlükəsiz və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən layihələr, tikilən və tikilməkdə olan elektrik stansiyaları barədə ətraflı məlumat verib. Bildirib ki, bu gün Azərbaycan Respublikası üzrə “Azərenerji” tərəfindən yerinə yetirilmiş işlər üzrə enerji sisteminin qoyuluş gücü 7 GVt təşkil edir.

Onun məruzəsi maraqla qarşılanıb və Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsi ilə bağlı təkliflər səslənib.

İki gün davam edəcək konqres çərçivəsində energetika nazirlərinin görüşü də nəzərdə tutulub. Bu görüşlərdə energetika sahəsində beynəlxalq əməkdaşlıq, Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrində investisiya layihələrinin effektiv həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Konqresdə Gürcüstan, Qazaxıstan, Rusiya, Azərbaycan, Türkiyə, Tacikistan, Qırğızıstan, Ermənistan və İranda iri və ortahəcmli Su Elektrik Stansiyalarının tikintisi və modernləşdirilməsi ilə bağlı 40-a yaxın layihənin təqdimatı da olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.