CƏMİYYƏT
Təbiətin mühafizə olunmasında, aqrar sahənin inkişafında akademik Həsən Əliyev gənc alimlərə örnəkdir
Bakı, 31 may, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Təbiətin mühafizə olunmasında, aqrar sahənin inkişafında akademik Həsən Əliyev gənc alimlərə örnəkdir” mövzusunda konfrans keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, konfransı açan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev görkəmli alim, akademik Həsən Əliyevin keçdiyi mənalı ömür yolu və hər kəsə örnək olan fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, akademik Həsən Əliyev həm təbiətin mühafizə olunmasında, həm də aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib.
Çıxışlarda qeyd olunub ki, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2015-2016-cı illər ərzində aqrar sahəyə marağın artırılması ilə əlaqədar Astara, Qazax, Göyçay, Biləsuvar, Quba, Yasamal və Sabunçu rayonlarında 42 tam orta məktəbdə, ümumilikdə, 7000-nə yaxın şagirdlə “Təbiətin mühafizə olunmasında, aqrar sahənin inkişafında akademik Həsən Əliyev gənc alimlərə örnəkdir”, “Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması”, “Şagirdlərin düşüncəsində aqrar sahənin inkişaf yolları” və “Mən aqrar sahənin mütəxəssisi olsam gələcəkdə bu sahənin inkişafı üçün nə edərdim” mövzularında görüşlər keçirilib. Görüşlər zamanı şagirdlərə nəzərdə tutulan mövzularla və son zamanlar aqrar sahənin inkişafı ilə bağlı ətraflı məlumat verilib, Azərbaycan Dövlət Aqrar Universitetinin və elmi-tədqiqat institutlarına aid videoçarxlar nümayiş olunub. Qeyd edilən mövzular üzrə 300-dək inşa yazı və şagirdlər tərəfindən aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı təkliflər Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinə təqdim olunub. Təqdim olunmuş inşa yazılar aqrar sahənin alim və mütəxəssisləri tərəfindən qiymətləndirilib və fərqlənən 10 inşa yazının qalibləri müəyyənləşdirilib. Qalib şagirdlər və fəaliyyətinə görə fərqlənən Gənc Alim və Mütəxəssislər Şurasının 15 üzvü Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən fəxri fərmanla təltif olunub.
Tədbirdə çıxış edən digər natiqlər, o cümlədən orta məktəb şagirdləri aqrar sahəyə marağın artırılması baxımından orta məktəblərdə keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb, belə tədbirlərin davamlı olaraq keçirilməsinin məqsədəuyğun olduğunu bildiriblər.