CƏMİYYƏT
Təcridxanada növbəti nikah mərasimi keçirilib
Bakı, 23 sentyabr (AZƏRTAC). Azadlıqdan məhrum edilmiş şəxslərin “ASAN xidmət”in fəaliyyətindən yararlanmalarına şərait yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Penitensiar müəssisələrdə saxlanılan şəxslər “ASAN xidmət”in nikahın qeydə alınması xidmətindən də yararlanmağa başlayıblar.
Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Filidan Rüstəmovun və yaxınlarının müraciəti əsasında Xidmətin rəhbərliyi onun nikah mərasiminin keçirilməsi üçün müvafiq şərait yaradıb.
Təcridxanada 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin əməkdaşları Leyla Ağayeva və Aygün Hüseynova tərəfindən Filidan Rüstəmovun vətəndaş Sevinc Hüseynova ilə nikahı qeydə alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yeni ailə quran gənclər yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin və “ASAN xidmət”in rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.