CƏMİYYƏT
“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi uğurla davam etdirilir
Bakı, 5 avqust, AZƏRTAC
Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2012-ci ilin dekabr ayından etibarən “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi davam etdirilir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, layihə İsmayıllı rayonunun Diyallı, Təzəkənd, Kürdmaşı, Tircan, Sumağallı və Zarnava kəndlərində və Qusar rayonunun Əniq və Kuzun kəndlərində həyata keçirilir. Layihənin əsas məqsədi davamlı inkişaf və möhkəm və təhlükəsiz icmaları yaratmaqla əhalinin təbii fəlakətlərə qarşı zavallılığın azaldılmasıdır.
Tədbirlər silsiləsinin davamı olaraq Qusar rayonunun Huray kəndində layihə çərçivəsində “İlk yardım vərdişlərinin geniş əhaliyə aşılanması” adlı tədbir təşkil edilib. Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahı, Sumqayıt Regional Mərkəzinin və şəhər bölməsinin, İsmayıllı və Qusar rayon bölmələrinin nümayəndələri, könüllüləri, kənd icma qrupları, Qusar rayonunun icra və bələdiyyə nümayəndələri və eləcədə kənd əhalisi iştirak edib.
Tədbir Sumqayıt şəhər bölməsinin, İsmayıllı və Qusar rayon bölmələrinin könüllüləri və icma nümayəndələrindən ibarət komandalarının çıxışından, praktiki olaraq vərdişlərin nümayişindən və viktorina şəkilində “İlk yardım” mövzusuna aid olan suallara cavab verməkdən ibarət idi. Tədbirin sonunda qaliblər və fəal iştirakçılar hədiyyələr və təşəkkürnamələrlə təltif olunublar.