MƏDƏNİYYƏT
Tehranda keçirilən beynəlxalq kitab sərgisində Azərbaycan bölməsi maraqla qarşılanıb
Tehran, 6 may, AZƏRTAC
Mayın 6-da Tehranın Mosalla sərgi kompleksində 28-ci beynəlxalq kitab sərgisi açılıb. Açılış mərasimində İran İslam Respublikasının dövlət və hökumət nümayəndələri, xarici dövlətlərdən gəlmiş qonaqlar iştirak ediblər.
Yüzə yaxın ölkənin təmsil olunduğu sərgidə Azərbaycanın Milli Kitabxanasının (AMK) və İrandakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz üçün ayrılmış 15 kvadratmetr ərazidə milli guşə yaradılıb. Guşədə AMK-nın Tehrana ezam olunmuş beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk Hacıyevanın gətirdiyi 200 və səfirliyin təqdim etdiyi 100 kitab nümayiş olunub.
Milli guşədə Azərbaycanın tarixinə, mədəniyyətinə, iqtisadiyyatına, ictimai-siyasi həyatına aid kitablar sərgilənib. Guşədə Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsinə, Xocalı soyqırımına, 20 Yanvar faciəsinə həsr olunmuş kitablar xüsusilə diqqəti cəlb edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətləri haqqında kitablar da sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bu kitabların ərəb, fars və ingilis dilinə tərcümə edilmiş nüsxələri də guşədə yer alıb.
Qeyd etmək lazımdır ki, sərginin təşkilatçıları tərəfindən başqa dövlətlərə qarşı təbliğatın aparılmaması, islam dəyərlərinə zidd olan materialların yayılmaması, İranın dövlət mənafeyinə qarşı ədəbiyyatın paylanmaması haqqında iştirakçılara xəbərdarlıq edilmişdi. Azərbaycanın Tehrandakı səfirliyi Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olduğunu, İranın da Azərbaycanın ərazi bütövlüyü və suverenliyini rəsmi şəkildə tanıdığını, Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasının zəruriliyini əsas gətirərək, bu istiqamətdə təbliğat işinə geniş yer ayırıb.
Sərginin gedişində Azərbaycanın təbliğinə dair kitablar iştirakçılara paylandı. Sərgi mayın 16-na kimi davam edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran