İDMAN
“Təhsil” Respublika İdman Mərkəzinin şahmat komandası Avropa birinciliyində üçüncü yerə layiq görülüb
Bakı, 5 iyul, AZƏRTAC
Yunanıstanın Xalkidiki şəhərində məktəblilər arasında keçirilən şahmat üzrə Avropa birinciliyi başa çatıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yarışa Avropanın 21 ölkəsinin komandası qatılıb və ölkəmizi birincilikdə 16 şahmatçı təmsil edib.
Maraqlı mübarizə şəraitində keçən birincilikdə “Təhsil” RİM-in Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Ziya Məmmədov 7 yaşadək oğlanlar arasında birinci yeri, Aydın Süleymanlı 11 yaşadək oğlanlar arasında ikinci yeri, Quba Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Fərid Məlikov 13 yaşadək oğlanlar arasında üçüncü yeri, Sumqayıt Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Səbinə Rzalı 13 yaşadək qızlar arasında ikinci yeri, Ucar Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi Süsən Məmmədova isə 15 yaşadək qızlar arasında üçüncü yeri tutublar.
Komandamız ümumilikdə Avropa birinciliyində komanda hesabında üçüncü yerə layiq görülüb.