REGİONLAR
Təhsildə aparılan islahatlar Samux rayonunun nəticələrinə müsbət təsir göstərib
Samux, 9 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Samux rayonunda müəllimlərin ənənəvi sentyabr konfransında 2015-2016-cı tədris ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, konfransda Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, təhsil nazirinin müavini Firuddin Qurbanov və təhsil işçiləri iştirak ediblər.
Konfransda ötən tədris ilində rayonda görülən işlər, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək nəticə əldə etmiş məzunlar, cari və əsaslı təmir işləri barədə ətraflı məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfransı açan Samux rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov “2015-2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, hazırda rayonda 23 tam orta məktəb, 11 ümumi orta məktəb və 1 ibtidai məktəb olmaqla, 35 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Son 5 ildə rayonda 8 yeni məktəb binası inşa edilib, 3 məktəb binası isə əsaslı təmir olunub. Bu məktəblərdə 2015-2016-cı tədris ilində I-IV siniflərdə 3402, V-IX siniflərdə 3479, X-XI siniflərdə isə 1059 nəfər olmaqla, 7940 nəfər şagird təhsilə cəlb olunub. Məktəbdənkənar müəssisələrdə isə 1455 nəfər şagirdin asudə vaxtlarının daha səmərəli keçməsi üçün şərait yaradılıb.
Ötən tədris ili rayonda müəllimlərin sayı 1043 nəfər olub. Onlardan 814 nəfəri ali təhsilli, 229 nəfər isə orta ixtisas təhsillidir. 2015-2016-cı tədris ilində Samux rayon məktəbləri üzrə IX sinif məzunlarının sayı 666 nəfər, XI siniflər üzrə isə 522 nəfər olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2016-cı ildə ali məktəblərə keçirdiyi qəbul imtahanlarında Samux rayonu üzrə 320 abituriyent iştirak edib. Ali məktəblərə sənəd verən abituriyentlərdən 142 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 8 nəfəri 600-dən yuxarı bal toplayaraq respublikanın müvafiq ali məktəblərinə daxil olublar.
Konfransda çıxış edənlər ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlərdən danışıb, gələcəkdə görülməsi nəzərdə tutulan işlər barədə məlumat veriblər.
Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi Samux rayonunda təhsillə bağlı nəticələrə də müsbət təsir göstərib.