ELM VƏ TƏHSİL


Tələbə gənclər təşkilatı üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir

Bakı,11 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbə gənclər təşkilatının (TGT) VII hesabat konfransı keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, TGT-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, TGT-nin sədri Cavid Hüseynov təşkilatın 2015-2017-ci illər üzrə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Məruzədə TGT-nin gördüyü işlər, həyata keçirdiyi layihələr, ictimai-mədəni tədbirlər, humanitar aksiyalar, qazandığı uğurlar barədə məlumat verilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, TGT öz fəaliyyəti haqqında hesabat verməklə yanaşı, qarşıda duran vəzifələri də müəyyən edir. Çağdaş dünyamızın tələblərinə uyğun olaraq Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşımızda yeni tələblər, hədəflər dayanır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasətin məqsədi gənclərin yüksək səviyyədə təhsil almalarını təmin etmək, onların sosial fəallığını artırmaq və əsl vətəndaş kimi yetişdirməkdir. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi gənclərin qarşısına yeni vəzifələr qoyur. Gənclər qazanılan uğurları daha da genişləndirməli, ölkəmizin inkişafına və dövlətimizin gücləndirilməsinə öz töhfələrini verməlidirlər. ADPU-nun tələbə gənclər təşkilatı fəallığı ilə seçilir, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov TGT-nin ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etdiyini, özünəməxsus iş üslubu, kreativ düşüncə tərzi ilə fərqləndiyini bildirib, təşkilatın işinə uğurlar arzulayıb.

Təhsildə fərqlənən və universitetin ictimai həyatında fəal iştirak edən tələbələrə təşəkkürnamə, fəxri fərman və diplomlar verilib. TGT-nin fəaliyyətinə dəstək göstərən fakültə dekanları, dekan müavinləri və tyutorlara təşəkkürnamə təqdim edilib.

Konfransda TGT-nin sədri, sədr müavinləri, departament, klub və tədris korpuslarının rəhbərləri müəyyənləşdirilib. C.Hüseynov yenidən TGT-nin sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.