CƏMİYYƏT
Tələbələr üçün “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda treninq keçirilib
Bakı, 11 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Səbail rayon Məşğulluq Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin yuxarı kurs tələbələri üçün “İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda treninq keçirib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, universitetin ayrı-ayrı fakültələrinin tələbələrinin iştirak etdiyi treninqdə mərkəzin direktoru Fərəc Qasımzadə gənclərin əmək bazarına inteqrasiyasına xidmət edən aktiv məşğulluq tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, bu tədbirlərin bir istiqaməti də ali təhsil müəssisələrinin yuxarı kurs tələbələrində öz ixtisasları üzrə iş axtarışı, işəgötürənlərlə düzgün ünsiyyətin qurulması, habelə işə düzəlmənin metodologiyasına dair bilik və bacarıqların formalaşdırılmasına yönəlib. Belə tədbirlər yuxarı kurs tələbələrinə məzun olduqdan sonra ixtisaslarına uyğun iş yeri ilə təmin olunmaqda, işəgötürənlərə ixtisaslı kadrların seçimində dəstək məqsədi daşıyır.
Tədbirdə mərkəzin mütəxəssisləri yuxarı kurs tələbələrinə əmək bazarı, onların yiyələndikləri ixtisaslar üzrə əmək bazarının mövcud tələbləri və vakant iş yerləri, həmin ixtisaslar üzrə iş axtarmağın, həmçinin işə düzəlmənin texnologiyası və metodologiyası barədə ətraflı məlumatlar veriblər. Müasir işaxtarma metodları, iş axtarışı zamanı ixtisasına uyğun olaraq məhz hansı qurumlara müraciət olunması, CV-nin düzgün və məqsədyönlü yazılması qaydası onların diqqətinə çatdırılıb. Malik olduqları bilik və bacarıqların işəgötürənə təqdim edilməsi, işə qəbul üçün müsahibəyə hazırlaşmaq, işəgötürən tərəfindən verilə biləcək sualların cavablandırılması ilə bağlı müasir iş axtarışı metodologiyasından irəli gələn, təcrübədə özünü doğrultmuş üsullar tələbələrə izah olunub. Həmçinin onlar özəl sektorla yanaşı, dövlət qulluğu sistemində də işə qəbul qaydası, əmək və məşğulluq haqqında qanunvericilik, işçi və işəgötürənin hüquqları barədə məlumatlandırılıb.
Debat şəklində keçən tədbirdə tələbələrin mövzuya dair sualları cavablandırılıb. Tədbir iştirakçılarına məşğulluq orqanlarının xidmətləri barədə də məlumatlar verilib, bu xidmətlərlə, aktiv məşğulluq tədbirləri ilə bağlı məlumatların əhatə olunduğu buklet və broşürlər onlara təqdim olunub.
“İş axtarmağın və işə düzəlməyin metodologiyası və texnologiyası” mövzusunda treninqlərin digər ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulub.