CƏMİYYƏT
“Təmiz Binəqədi – Təmiz İdeya ” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilib
Bakı, 14 yanvar, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyəti “Təmiz Binəqədi – Təmiz İdeya ” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi Bakı-2015 Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində görülən işlərin, həmçinin rayonun sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin ictimaiyyətə daha dolğun çatdırılması işində peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Təqdim edilən yazıların sərlövhələri təklif olunmuş mövzularla eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
Qəzetdə dərc edilən yazıda “Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı-2015 Avropa Oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.
Yazılar yanvarın 14-dən 31-dək qəbul olunacaq.
Müəllif mövzuya istənilən rakursdan yanaşmaqla yaradıcı potensialını nümayiş etdirməlidir.
Yazılar müxtəlif kateqoriyalar üzrə mükafatlandırılacaq.