CƏMİYYƏT
“Təmiz Şəhər” ASC-in təşkil etdiyi yay məktəbinə qəbul yekunlaşıb
Bakı, 30 iyun, AZƏRTAC
IDEA İctimai Birliyinin dəstəyi, Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin əməkdaşlığı ilə “Təmiz Şəhər” ASC-in ADA Universitetində təşkil edəcəyi yay məktəbinə müraciət müddəti başa çatıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda “0 Tullantı” adlı düşərgəyə göndərilən anketlər üzrə seçim işləri aparılır. Bu mərhələni keçən gənclər müsahibəyə dəvət olunacaqlar.
İyulun 21-dən 24-dək baş tutacaq maarifləndirici yay məktəbi tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, ekoloji layihələrin idarə olunması sahələrində gənclərin bilik və bacarıqlara yiyələnməsi məqsədilə keçirilir.
Yay məktəbi çərçivəsində gənclər tərəfindən ətraf mühitin qorunmasına tövhə verə biləcək layihələrin reallaşdırılması və dəstəklənməsi nəzərdə tutulur. Bununla yanaşı, yay məktəbinin rəngarəng tədbirlər proqramı gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların intellektual səviyyəsinin artırılmasına imkan yaradacaq. Belə ki, yay məktəbində iştirak üçün seçim turundan keçəcək 40 gənc 4 gün ərzində tullantıların idarə olunması mövzusunda təlimlərdə, müxtəlif intellektual oyunlarda iştirak edəcək, bir neçə məlumat turuna qatılacaqlar.