CƏMİYYƏT
“Təmiz hava” aylığı çərçivəsində növbəti reyd keçirilmişdir VİDEO
Bakı, 14 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, avqustun 1-dən 31-dək nəqliyyat vasitələrindən atılan zərərli qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və bu işə nəzarətin gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə ölkədə “Təmiz hava” aylığı keçirilir.
AZƏRTAC xəbər verir ki, avqustun 14-də “Təmiz hava” aylığı çərçivəsində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbi Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ARDNŞ-in təhlükəsizlik idarəsinin qarajında birgə reyd keçirmişlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov demişdir ki, bu gün keçirilən tədbir zamanı avtomobil təsərrüfatında olan nəqliyyat vasitələri müasir texniki vasitələrlə reysqabağı yoxlanılacaq və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrəniləcəkdir. Yalnız bundan sonra həmin avtomobilin istismarına qərar veriləcəkdir. Başqa sözlə, mühərrikində normadan artıq dəm qazı olan avtomobilin sürücüsünə inzibati qaydada protokol yazılacaq, istismarı qadağan olunacaq, saz olduqda isə istismarına icazə veriləcəkdir.
V.Əsədov demişdir ki, yol polisinin əməkdaşları və ekologiya üzrə mütəxəssislər avqustun 1-dən bu günədək Bakı şəhərinin ərazisindəki iri avtomobil təsərrüfatı olan müəssisələrə birgə baxış keçirmişlər. Reydlər zamanı 168-dən artıq avtomobil istismara buraxılmamış, bu nəqliyyat vasitələrinin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb edilmişlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin sektor müdiri Vaqif Mansurov, ARDNŞ-in təhlükəsizlik idarəsinin qaraj rəisi Rəhim Kərimov, bu şirkətin ekologiya idarəsinin ekoloji ölçmə mərkəzinin nümayəndəsi Coşqun Bərxudarov aylıq çərçivəsində görülən işlərdən danışmışlar.
Bildirilmişdir ki, Azərbaycan Respublikasında “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində müəyyən tədbirlər görülür.
Diqqətə çatdırılmışdır ki, “Təmiz hava” aylığının başlandığı avqustun 1-dən bu günədək bir neçə avtonəqliyyat müəssisəsində dəm qazının miqdarının ölçülməsi işləri aparılmışdır. Bu müddətdə 548 avtomobil yoxlanılmışdır. Dəm qazının və tüstünün miqdarının normadan artıq olduğu avtomobillərdən 69-da profilaktik işlər aparılaraq miqdar norma həddinə çatdırılmışdır. Nasazlığının aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin isə istismarı qadağan edilmişdir.
Qeyd olunmuşdur ki, ARDNŞ-in balansında olan nəqliyyat vasitələrinin zərərli qazlarının miqdarının azaldılması məqsədilə bir sıra tədbirlər görülür. Bu tədbirlərdən biri də şirkətin balansında olan 3 ekoloji ölçmə məntəqəsinin yaradılmasıdır. Ekoloji müayinələr zamanı mövcud normalara uyğun gələn nəqliyyat vasitələrinə xüsusi emblemlər verilir və avtomobilin ön şüşələrinə yapışdırılır. Müayinələr zamanı mövcud normalara uyğun gəlməyən nəqliyyat vasitələri yenidən texniki baxışdan keçirilir və problemlər aradan qaldırılır.
Sonra qarajda olan avtomobillər müasir texniki cihazlar vasitəsilə reysqabağı yoxlanılmış və onların mühərriklərinin ixrac etdiyi dəm qazının tərkibi öyrənilmişdir.
Keçirilmiş yoxlamaların nəticələrinə əsasən mühərriklərində normadan artıq zərərli maddələr olan 6 nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılmış və həmin avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb edilmişlər.