CƏMİYYƏT
Tərbiyə müəssisəsində islah olunan uşaqların yeniyetmə futbolçularla yoldaşlıq oyunu keçirilib
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində islah olunan uşaqlarla yeniyetmə futbolçular arasında yoldaşlıq oyunu keçirilib.
Yoldaşlıq oyunundan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək qeyd edib ki, Komitə hər il olduğu kimi, bu ildə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirir. Tədbirlərdə dövlət müəssisələrində tərbiyə alan uşaqların iştirakına xüsusi diqqət yetirilir. Bu tədbirlər çərçivəsində tərbiyə müəssisəsində islah olunan uşaqların cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli təşkili, bədii qiraətə, idmana marağının, dünya görüşlərinin və intellektlərinin artırılması, fiziki inkişafının və sağlam həyat tərzinin formalaşdırılması, valideynləri ilə görüşlərin keçirilməsi, onların ehtiyaclarının öyrənilməsi və maarifləndirilməsi istiqamətində işlər aparılır. Bu istiqamətdə növbəti tədbir tərbiyə müəssisəsində islah olunan uşaqlarla yeniyetmə futbolçular arasında yoldaşlıq oyununun təşkil edilməsidir.
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, idmana maraqlarını artırmaq məqsədi ilə onları hər zaman dəstəkləməyə hazır olduqlarını bildirib.
Sonra Komitə və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən tərbiyə müəssisəsindəki uşaqlara diplom və hədiyyələr təqdim olunub.