CƏMİYYƏT
Terrorçunun vətəni və milliyyəti olmur
İsmayıllı, 28 noyabr, AZƏRTAC
Din pərdəsi altında müəyyən xarici qüvvələrin sifarişini yerinə yetirən Taleh Bağırzadə kimilərinin və onun əlaltılarının qanunazidd hərəkətlərini bütün İsmayıllı ictimaiyyəti lənətləyir. Terrorçunun vətəni və milliyyəti olmur. Dövlətə qarşı çıxanlar, qan tökənlər mütləq öz cəzalarını alacaqlar.
Bu fikirlər İsmayıllı rayon ictimaiyyəti nümayəndələri adından AZƏRTAC-a daxil olan müraciətində yer alıb.
Kütləvi informasiya vasitələrinə, dini təşkilatlara ünvanlanan müraciətdə bildirilir ki, din pərdəsi altında cinayət törədən, qanunları kobud şəkildə pozan bu cür ünsürlər əslində İslam dininin düşmənləridir. Ölkəmizdəki tolerantlıq mühitini, vətəndaş həmrəylini pozmaq istəyən qüvvələrin qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınır və alınacaq.
Müraciətdə deyilir: “Biz qətiyyətlə bəyan edirik ki, xalqımızı xoşbəxt gələcəyə aparan, ümummilli liderimiz Heydər Əliyevin yüksəlişə gedən yolunu inamla, dəyanətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevlə birgəyik, yaşımızdan asılı olmayaraq bütün məsələlərin həllində onun sıravi əsgəriyik”.