REGİONLAR
Tərtərdə “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində “dəyirmi masa”
AZƏRTAC xəbər verir ki, tədbir “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində reallaşıb.
Rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov bildirib ki, Tərtər həmişə özünün qəhrəmanlıq salnaməsi ilə örnək olan diyarlarımızdandır. Rayonun əhalisi Qarabağ uğrunda gedən döyüşlərdə mətinlik göstərib. Cəbhəyə yaxın yerləşməsi bölgənin daim diqqət mərkəzində olmasını şərtləndirən amillərdəndir. Buna görə də rayonda vətənpərvərlik təbliğatının aparılması davamlı vəzifələrdəndir.
“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru, “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsinin rəhbəri Əvəz Rüstəmov layihə barədə məlumat verib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilməkdə olan layihə 2014-cü ilin iyul-dekabr aylarını əhatə edir.
Layihə çərçivəsində indiyədək bu mövzuda “dəyirmi masa”lar keçirilib. Eyni zamanda hər ay Milli Qəhrəmanlardan birinin həyat və fəaliyyətinə, keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş geniş məqalələr hazırlanıb. Milli Qəhrəmanlar - Şirin Mirzəyev, Əliyar Əliyev və Məzahir Rüstəmov haqqında belə materialların dərci həyata keçirilib.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə cəmiyyətdə hərbi vətənpərvərlik hisslərinin təbliğinə hər zaman böyük ehtiyacın duyulduğunu qeyd edərək bildirib ki, mövcud prosesdə medianın üzərinə böyük missiya düşür. O, bu baxımdan media peşəkarlığının müxtəlif aspektlərinə nəzər salıb, konkret situasiyaların təhlilini aparıb.
Tərtərdə fəaliyyət göstərən “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif Milli Qəhrəmanların örnək kimi gənc nəslə daha yaxından tanıdılmasının zəruriliyini vurğulayıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəhrəman övladlarımızın təbliğinə yönələn layihəyə dəstək verməsini yüksək qiymətləndirib. Tərtərin Azərbaycana iki Milli Qəhrəman - Vəzir Orucov və Elman Hüseynovu bəxş etdiyini deyən T.Yusif, həmçinin rayonda 276 Qarabağ əlilinin olduğunu vurğulayıb.
Qarabağ müharibəsinin iştirakçısı, “Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi Tərtər rayon şöbəsinin sədri Suliddin Yusibov Vətən torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş oğullarımızın xatirəsinin əbədiləşdirilməsi işinə həssas yanaşılmasının zəruriliyini önə çəkib.