REGİONLAR
Tərtərdə əsas kapitala yönəldilən investisiyalar 7,1 dəfə artıb
Tərtər, 1 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən investisiyaların həcmi 66 milyon 158,1 min manat olub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,1 dəfə çoxdur.
Tərtər Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, əsas kapitala yönəldilən investisiyaların 57 milyon 545,5 min manatı və ya 87 faizi tikinti-quraşdırma işlərinə ayrılıb. İnvestisiyanın 65 milyon 630,1 min manatı və ya 99,2 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 528 min manatı və ya 0,8 faizi qeyri-dövlət müəssisə və təşkilatların payına düşür.
İlin birinci yarısında rayonda 3988,1 min manatlıq əsas fondlar istifadəyə verilib. Vətəndaşların şəxsi vəsaiti hesabına ümumi sahəsi 4500 kvadratmetr olan 74 yeni yaşayış və qeyri-yaşayış evi tikilib.