CƏMİYYƏT
Tərtərdə və Ağcabədidə partlamış top mərmisinin qalıqları aşkarlanıb
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 6-da bir əkin sahəsində və iki otlaq sahəsində 6 partlayış yerinə baxış keçiriblər. Nəticədə Tərtər rayonunun Şıxarx kəndində 1 partlamamış hərbi sursat - 152 millimetrlik top mərmisi (OF-540) aşkarlanaraq götürülüb və min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış zamanı partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb. Hər iki rayonda aşkarlanan hərbi sursatla əlaqədar qazıntı işlərinin aparılmasına zərurət yarandığı üçün təmizləmə əməliyyatı avqustun 8-də davam etdiriləcək
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən avqustun 6-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub. Nəticədə 3470 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 24 mina aşkarlanaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.