CƏMİYYƏT
Ulu Öndər savadlı və bacarıqlı kadr hazırlığı məsələlərinə həmişə böyük diqqət yetirirdi
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Azərbaycan Tibb Universitetində (ATU) ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində çıxış edən universitetin tədris işləri üzrə prorektoru Sabir Əliyev Ulu Öndərin həyat və fəaliyyəti barədə danışıb: “Ümummilli Liderin rəhbərliyi dövründə ölkənin bütün sahələri yüksək səviyyədə inkişaf edib. Onun Azərbaycanın rifahı və gələcək inkişafı üçün gördüyü işlər əvəzsizdir. Bu, dahi siyasətçi dünya siyasət elitasında öz sözünü demiş böyük şəxsiyyətdir. Bunu yalnız azərbaycanlılar deyil, həm də bütün dünya bilir və danışır. Ulu Öndərin dünya siyasətində rolu əvəzsizdir. Bir azərbaycanlı olaraq bu, bizdə fərəh hissi yaradır.
Hazırda ölkənin aparıcı struktur orqanlarında çalışanların çoxu vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə xaricdə təhsil alanlardır. Belə ki, sovet dövründə Azərbaycan gənclərinin tələbə olaraq xarici ölkələrə oxumağa göndərilməsi məhz Ulu Öndərin böyük əməyi nəticəsində baş tutub. Ulu Öndər yüksək savadlı və bir o qədər də bacarıqlı kadr hazırlığı məsələlərinə hər zaman böyük diqqət yetirirdi”.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsində müstəsna rolu var. Ümummilli Liderin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və heç vaxt yaddaşlardan silinməyəcək.