CƏMİYYƏT
Torpaq sahələrinin təyinatının dəyişdirilməsinə dair 30-dan çox müraciətə müsbət rəy verilib
Bakı, 12 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsində 2016-cı il ərzində görülən işlərin hesabatı açıqlanıb.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması istiqamətində tədbirlərin icrası məqsədilə hesabat ili ərzində Nazirlər Kabinetinin tapşırığı əsasında torpaq sahələrinin təyinatının dəyişdirilməsinə dair 30-dan çox müraciət baxılaraq müsbət qiymətləndirilib.
Yerin təkindən istifadə ilə əlaqədar müəssisələr tərəfindən təqdim olunmuş 90-dan çox “Dağ-mədən işlərinin inkişafı planı” müəyyən olunmuş qaydada razılaşdırılıb. Dağ-mədən fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ekoloji tələblər müəyyənləşdirilməklə 10 ekspertiza rəyi, habelə 21 fiziki və hüquqi şəxsə karxana təsərrüfatı yaratmaq üçün akt verilib. Qeyd olunan fəaliyyət sahələri əlvan metallar, tikinti materialları, mişar daşı və geniş yayılmış faydalı qazıntı yataqlarının istismarı ilə əlaqədar olub.
Ötən il dövlət sifarişləri əsasında geoloji-kəşfiyyat və axtarış işlərinə başlanılması ilə əlaqədar təqdim olunmuş 22 layihə-smeta sənədi üzrə müvafiq ekspertizalar keçirilib. Geoloji-kəşfiyyat və axtarış işlərinin daha səmərəli və rasional qaydada həyata keçirilməsi üçün tərtib olunmuş ekspertiza rəyləri hazırlanaraq Milli Geoloji Kəşfiyyat Xidmətinə təqdim olunub.