CƏMİYYƏT
Tur-aksiyanı başa vuran naxçıvanlı şagirdlər muxtar respublikaya yola salınıblar VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə martın 16-dan 19-dək Bakıya təşkil edilmiş maarifləndirici tur-aksiya başa çatıb.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasından IX-XI siniflərdə təhsil alan 150 şagird, 20 bələdçi-müəllim dörd gün ərzində Bakının görməli yerləri ilə tanış olub, buradakı qədim tikililər və tarixi abidələrlə bağlı məlumatlandırılıblar. Budəfəki səyahət Novruz bayramı ərəfəsinə təsadüf etdiyindən məktəblilər üçün daha yaddaqalan olub. Səyahət zamanı şagirdlər Bakıda Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib, bir sıra mədəni-tarixi yerlərdə olublar.
Martın 19-da tur-aksiya iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportundan muxtar respublikaya yola salınıblar.
Naxçıvan məktəbliləri tur-aksiyada iştirak etdiklərinə görə çox sevindiklərini, arzularının reallığa çevrildiyini, Bakıdan zəngin təəssüratlarla ayrıldıqlarını söyləyiblər. Onlar göstərilən diqqət və qayğıya, ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.