CƏMİYYƏT
TürkPA və Mətbuat Şurası arasında əməkdaşlıq müzakirə edilib
Oktyabrın 20-də Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov ilə görüşüb.
Şuranın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Ə.Amaşov bildirib ki, müasir reallıqda belə bir qurumun mövcudluğu türkdilli ölkələrin hərtərəfli inteqrasiyasının sürətləndirilməsi baxımından mühüm amildir. Bu prosesə dövlət rəhbərləri, ictimai-siyasi xadimlər və digər sahə təmsilçiləri ilə yanaşı, jurnalistlər, media qurumları da öz töhfələrini verə bilərlər.
Ə.Amaşov sıralarında Azərbaycanda müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrini, tanınmış jurnalist təşkilatlarını birləşdirən Mətbuat Şurasının fəaliyyət istiqamətlərində bu məsələnin də diqqət mərkəzində saxlanıldığını deyib. O, əlavə edib ki, Şura indiyədək qurultayları Türkiyə, Azərbaycan və Qırğızıstanda keçirilən türkdilli ölkələrin və toplumların media təmsilçilərinin tədbirlərində həmin sahədə səylərin birləşdirilməsinə xidmət göstərməkdədir.
J.Asanov ilk plenar iclası 2009-cu ilin sentyabrın 29-da Bakıda keçirilən TürkPA-nın fəaliyyət göstərdiyi 5 il ərzində bir sıra uğurlara imza atdığını söyləyib. Baş katib vurğulayıb ki, 2011-ci ilin aprelindən quruma sədrlik edən Qazaxıstanda türkdilli ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsində medianın roluna xüsusi diqqət yetirilir. O, TürkPA-nın Mətbuat Şurası ilə əməkdaşlığının da buna təsirsiz ötüşməyəcəyinə əminliyini bildirib.
Görüşdə bu məqsədlə silsilə tədbirlərin keçirilməsi məqsədəuyğun sayılıb. Həmin coğrafi məkanda qarşılıqlı səfərlərin, təcrübə mübadilələrinin təşkili, yerli dilləri bilən jurnalistlərin yetişdirilməsi, xəbər portallarında türk dilinin müxtəlif qruplarına aid variantların yayımlanması və s. layihələrin reallaşdırılması üzərində iş aparılması barədə razılığa gəlinib.