CƏMİYYƏT
Daxili İşlər Nazirliyi Türkiyənin Jandarm Komandanlığı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir
Bakı, 26 aprel, AZƏRTAC
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 26-da Yaşar Güler və onu müşayiət edən şəxslər Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra qardaş ölkənin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin, o cümlədən Daxili Qoşunların şəhid hərbi qulluqçularının məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakıda şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsinin önünə də əklil qoyulub.
Həmin gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazir müstəqilliyin bərpasından sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun “Bir millət, iki dövlət” siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Daxili işlər naziri dövlətlərimizin başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.
Ramil Usubov 1997-ci il oktyabrın 31-də hökumətlərarası “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol”un imzalandığını, bununla da Daxili Qoşunlarla Jandarm Qüvvələri arasında hərbi əməkdaşlıq münasibətlərinin hüquqi əsasının qoyulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dost və qardaş dövlətin müvafiq qurumları ilə əlaqələr ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında qurulub.
Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin daha da inkişaf etdirməsinə böyük önəm verildiyini, ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.
Daha sonra qonağa müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, bir milyondan çox soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarətə götürülüb. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz sabitlik yaradılıb.
Ramil Usubov Türkiyə Jandarm Qüvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Yaşar Güler Azərbaycana səfərindən, Bakının ən gözəl paytaxt şəhərlərindən biri olmasından, ölkəmizin dinamik inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil quruma çevrilməsindən məmnunluğunu bildirib.
O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, “Bir millət, iki dövlət” olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak edib.