SİYASƏT
Türkiyə analitikləri: “Cənub” qaz dəhlizi regionda yeni beynəlxalq layihələrin reallaşmasına əsas yaradır
İstanbul, 22 sentyabr (AZƏRTAC). Türkiyə kütləvi informasiya vasitələri Azərbaycanda “Cənub” qaz dəhlizinin təməlinin qoyulması ilə bağlı silsilə yazılar təqdim etməkdədir. Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya nəqli ilə bağlı fikirlərini bölüşən analitiklər bildiriblər ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası Qafqazda, Anadoluda və Avropanın böyük bir hissəsində enerji təhlükəsizliyinin təmin olunmasında, yeni iş yerlərinin açılmasında, bu strategiyanın əhatə etdiyi ölkələrdə ümumi daxili məhsulun artmasında mühüm rol oynayır.
TANAP VƏ TAP layihələrinin başlanğıcı olan “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasının əhəmiyyətindən danışan mütəxəssislər hesab edirlər ki, Azərbaycan Avropanın enerji resursları ilə təminatı baxımından mühüm və etibarlı tərəfdaşdır. Analitiklər bütün bu nailiyyətlərin əsasında 1994-cü il sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasının durduğunu diqqətə çatdırıblar.
Qeyd ediblər ki, “Cənub” qaz dəhlizinin təməlinin qoyulması regionda yeni beynəlxalq iqtisadi layihələrin reallaşması üçün əsas yaradır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul