ELM VƏ TƏHSİL
Türkiyə universitetlərində səfərdə olan UNEC müəllimləri təcrübələrini bölüşüblər
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) biznes və menecment fakültəsinin Türkiyənin Sakarya və Süleyman Dəmirəl universitetlərində səfərdə olan əməkdaşları təcrübələrini bölüşmək məqsədilə seminar keçiriblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin fakültə dekanı, dosent Mirağa Əhmədov UNEC ilə Sakarya Universiteti arasında faydalı əməkdaşlığın qurulduğunu söyləyib. Belə ki, səmərəli idarəetmə sistemində fayda verə biləcək yeniliklər öyrənilib və onun tətbiqi üçün müvafiq təkliflər hazırlanıb. Əsas yeniliklərdən biri də fakültə katibliyinin strukturunun öyrənilməsi olub.
Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbülhəsənov Sakarya Universitetinin fənn ədəbiyyat fakültəsində çox fərqli idarəetmə mədəniyyəti ilə tanış olduğunu diqqətə çatdırıb.
Digər çıxış edənlər də təcrübə mübadiləsində və tədrisin keyfiyyətinin yüksəldilməsində böyük rolu olan səfərin əhəmiyyətindən danışıblar.
Sonda suallar cavablandırılıb.