CƏMİYYƏT
Türkiyənin hüquq sahəsində aparıcı qeyri-hökumət təşkilatlarının nümayəndələri Ali Məhkəmədə olublar
Bakı, 26 may, AZƏRTAC
Beynəlxalq hüquq konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin aparıcı hüquq qeyri-hökumət təşkilatlarının nümayəndələri mayın 26-da Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə R.Rzayev Azərbaycan ilə qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında səmərəli və davamlı əlaqələrin qurulduğunu, bu münasibətlərin beynəlxalq təşkilatlar çərçivəsində genişləndiyini qeyd edib. O, respublikamızda həyata keçirilən məhkəmə-hüquq tədbirlərinin səmərəliliyini diqqətə çatdıraraq, bu işin Ali Məhkəmənin strukturunda və fəaliyyətində əksini tapması barədə qonaqlara məlumat verib.
Nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Cahid Özkan ölkələrimiz arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Qonaq bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib.
Qonaqlar Ali Məhkəmənin inzibati binasında məhkəmə tarixi muzeyinə baxıb, hakimlərin iş şəraiti ilə tanış olublar.