İQTİSADİYYAT


Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin 3-cü iclası keçirilib

A+ A

Bakı, 28 iyul, AZƏRTAC

Dövlət Statistika Komitəsində (DSK) “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin 3-cü iclası keçirilib.

İclasda Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski, DSK, İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Azərbaycanda İnstitusional Quruculuq Proqramına Dəstək Layihəsi (SİBA), Almaniyanın Azərbaycandakı səfirliyi, Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutunun təmsilçiləri iştirak ediblər.

Komitədən AZƏRTAC-a bildirilib ki, benefisiar ölkə tərəfindən layihə rəhbəri, DSK-nın statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev və Aİ-yə üzv dövlətlər tərəfindən layihə rəhbəri, Almaniya Federativ Respublikasının Statistika İdarəsinin mütəxəssisi Rinqo Raupax layihənin gedişatı barədə məlumat veriblər.

İclasda, həmçinin layihənin komponent rəhbərləri tərəfindən görülən işlərə dair hesabatlar dinlənilib. Layihənin üçüncü rübü ərzində planlaşdırılmış işlərin yerinə yetirilməsi müzakirə edilib, meydana çıxan problem və çətinliklərin həlli yolları araşdırılıb. Qeyd olunub ki, layihənin üçüncü rübü ərzində Bolqarıstan, Çexiya, Almaniya, Niderland, Xorvatiya, Latviya və Sloveniyadan olan mütəxəssislər tərəfindən 7 qısamüddətli ekspert missiyası, eyni zamanda, DSK-nın nümayəndələrinin iştirakı ilə Bolqarıstan və Almaniya Federativ Respublikasına 2 təlim səfəri təşkil edilib. Ekspert missiyalarının əsas məqsədi Aİ-yə üzv dövlətlərin statistika qurumlarının mütəxəssisləri tərəfindən müvafiq komponentlər üzrə DSK-da mövcud vəziyyətin qiymətləndirilməsidir. Təlim səfərlərində isə Avropa statistika sistemində bu komponentlər çərçivəsində görülən işlər, istifadə olunan metodologiya ilə tanışlıq olub.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Ülviyyə Abdullayeva layihənin uğurla davam etdirildiyini bildirib.

Tədbirdə qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.