CƏMİYYƏT
UNEP dəniz inəklərinin qorunmasını təmin etməyə çağırıb
Bakı, 28 dekabr, AZƏRTAC
Dəniz inəkləri yox olmaq təhlükəsi qarşısındadır. Bu dəniz otyeyən məməliləri sahilyanı suların və dənizin çirklənməsindən, brakonyerlik nəticəsində və yosunların populyasiyasının azalmasından əziyyət çəkir. Onlar çox vaxt gəmilərlə toqquşmalar nəticəsində ölümcül zədə alır. Bu barədə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) bildirib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, UNEP-in ekspertləri Solomon adaları, Şri-Lanka, İndoneziya, Malayziya, Mozambik və Madaqaskarın sahil sularında dəniz inəkləri və tropik yosunların mühafizəsi üzrə layihəni bir daha xatırladıblar.
Mifik “su pəriləri”nin prototipi olan dəniz inəkləri sahil sularında təqribən 20 metr dərinlikdə yaşayır, yalnız yosunlarla qidalanır. Onlar gün ərzində 45 kiloqrama qədər yosun yeyə bilir.
“Su pəriləri”nin xilası üçün layihə vəhşi heyvanların köçəri növlərin qorunması üzrə Konvensiya çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində dəniz inəkləri və onların yaşayış mühitinin mühafizəsinə yönəlmiş tədbirlər görülür.
UNEP-in ekspertləri qeyd edirlər ki, mərcanlar kimi, tropik yosunlar ekosistemi də vacibdir, çünki onlar sahilboyu balıqçılığın inkişafı üçün həlledicidir.
Dəniz inəyinin uzunluğu 3 metrə, çəkisi isə 500 kiloqrama çata bilər. Əgər təhlükə yoxdursa, onda onlar 70 ilə qədər yaşaya bilər. Bu məməlilər bir neçə gün ərzində yüz kilometrlərlə üzməyə qadirdir.
Son illər dəniz inəklərinin populyasiyası kəskin azalıb. Bu gün onların sayı təxminən 120 mindir. Ekspertlərin fikrincə, dəniz inəklərinin yaşadığı böyük arealın müqabilində bu, çox kiçik rəqəmdir.
Dəniz inəklərinin müdafiəsi üzrə 2015-ci ildə start verilən layihə 2018-ci ilin dekabr ayına kimi davam edəcək. Layihənin reallaşması üçün ümumilikdə altı milyon ABŞ dolları tələb olunur.