CƏMİYYƏT
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində olub
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə UNICEF-in Gənclərlə İnkişaf Proqramının mütəxəssisi Natiq Ömərov, təşkilatın Səhiyyə və Qidalanma Proqramının mütəxəssisi Töhfə Cəmilova və komitə əməkdaşları iştirak ediblər.
Hicran Hüseynova ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığından və həyata keçirilən birgə tədbirlərdən danışıb. O, həmçinin qadınlara və uşaqlara qarşı müəyyən stereotiplərlə aparılan mübarizə, eyni zamanda, cari ilin noyabr ayında keçiriləcək növbəti Uşaq Forumu haqqında məlumat verib.
Edvard Karvardin qadınların və qız uşaqlarının qidalanmasındakı problemlər, vitamin çatışmazlığı və anemiya problemi ilə bağlı məlumatları diqqətə çatdırıb, bu istiqamətdə birgə maarifləndirmə işinin aparılması haqqında təklif irəli sürüb.
Sonda ikitərəfli layihələrin həyata keçirilməsi, bu sahədə effektivliyin artırılması məqsədilə növbəti ildə də əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılıb.