CƏMİYYƏT


UNICEF-lə əməkdaşlıq proqramının 2016-cı il üzrə icmal görüşü keçirilib

Bakı, 30 yanvar, AZƏRTAC 

Yanvarın 30-da Azərbaycan hökuməti ilə BMT Uşaq Fondunun əməkdaşlıq proqramı çərçivəsində görülmüş işlərin icmalı və qarşıda duran məsələlərin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qurumun BMT-nin Uşaq Fondu ilə əməkdaşlığı çərçivəsində erkən nikah halları və qızların təhsildən yayınmasının qarşısının alınması, yeni doğulmuş uşaqların qeydiyyatı ilə bağlı, küçə uşaqlarının vəziyyətinə dair keçirilən təhlil barədə məlumat verib. Bildirib ki, Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir və bu sahə prioritet istiqamət sayılır. H.Hüseynova diqqətə çatdırıb ki, hazırda ölkədə iki milyon altı yüz minə yaxın uşaq var. Bu uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün mühüm sosial layihələr həyata keçirilir.

Komitə rəhbəri qeyd edib ki, indiyə qədər müvafiq sahələrdə görülmüş işlər sırasında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı atılmış addımlar da fərəh doğurur. Həmin qanunların qəbul edilməsi yeni düşüncə tərzinin formalaşmasına və müəyyən stereotiplərin aradan qaldırılmasına təkan verib. “Nikah yaşı 17-dən 18-ə qaldırılıb və yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət müəyyən edilib. Valideyn məsuliyyətinin artırılması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə və “Uşaq hüquqları” haqqında Qanuna dəyişikliklərin edilməsi ilə əlaqədar qanunlar qəbul olunub. Uşaqların sağlamlığı, təhsili və hüquqlarının müdafiəsi istiqamətində çoxlu sayda Dövlət Proqramları qəbul edilib. Və əlbəttə ki, bu sahədə gələcək hədəflərimiz artıq müəyyənləşib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, uşaqların bütün sahələrdə imkanlarının daha da genişləndirilməsi, hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır. Uşaq Strategiyası rəy üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı ilkin hazırlıq prosesi aparılır”, -deyə H.Hüseynova əlavə edib.

Komitə sədri bildirib ki, Azərbaycan hökuməti tərəfindən uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması və sağlam böyüməsi üçün davamlı iş aparılır. Ölkədə vahid dövlət uşaq siyasətini həyata keçirən dövlət qurumu kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq, müxtəlif layihələr həyata keçirir. Bu tədbirlər qaçqın və məcburi köçkün uşaqlar üçün xidmətlərin təminatına, böyüməkdə olan nəslin sağlamlığına, təhsilinin inkişafına, hüquqlarının müdafiəsinə yönəlib.

H.Hüseynova qeyd edib ki, uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda fəallığın artırılması da aktual məsələlərdəndir. Bu sahədə il ərzində müxtəlif təlimlər, treninqlər təşkil edilir. Bu il BMT-nin Uşaq Fondu və Heydər Əliyev Fondunun birgə dəstəyi dördüncü Uşaq Forumunun keçirilməsi nəzərdə tutulur. “Uşaq Hüquqları haqqında” Konvensiyaya qoşulması ilə əlaqədar Azərbaycan hökuməti mütəmadi dövlətlərarası hesabatlar verir. Bu il Uşaq Hüquqları üzrə ölkə müvafiq Komitə qarşısında hesabat verəcək və bununla bağlı ciddi hazırlıq işləri aparılır.

Görüşdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi sahəsində müxtəlif təlimlər, treninqlər təşkil edilməsini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. O qeyd edib ki, dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdən biridir. Azərbaycanda gender bərabərliyini qorumaq məqsədilə daim mühüm addımlar atılır. Qadınların ictimai həyatda təmsilçiliyinin artırılması, qadın və uşaq hüquqlarının qorunması, sağlam həyat tərzinin aşılanması məqsədilə mütəmadi olaraq həm dövlət həm də müxtəlif təşkilatlar tərəfindən tədbirlər həyata keçirilir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Bərpa Mərkəzi sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirir. Qeyd edib ki, mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Mərkəzin əsas vəzifə və funksiyaları sağlamlıq imkanları məhdud uşaqların tibbi, psixoloji, tədris-peşə diaqnostikasını təyin etmək, onların reabilitasiya potensialını təyin etmək, tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirmək, həmçinin onların şəxsiyyətinin korreksiyası məqsədilə kompleks psixoloji, pedaqoji tədbirlərin həyata keçirilməsidir.

Görüş “Uğur və məhdudiyyətlər və 2017-ci ildə növbəti addımlar” və digər mövzuların müzakirəsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.