REGİONLAR
Ucarda 200 hektardan çox pambıq sahəsi kombaynla yığılacaq
Ucar, 19 sentyabr, AZƏRTAC
Cari mövsümdə 510 hektar sahədə pambıq yetişdirilən Ucar rayonunda hazırda məhsul yığımı sürətlə davam edir və indiyədək 35 tonadək “ağ qızıl” toplanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilib ki, Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsinin yekunları, müşavirədə dövlətimizin başçısının proqram nitqindən irəli gələn vəzifələr Ucarda pambıqçılıqla məşğul olan fermerlərin təsərrüfatın bu ənənəvi və həm də gəlirli sahəsinə marağını daha da artırıb. Yerlərdə yetişdirilən məhsulun son qozasınadək itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilir, bu sahənin gələcək inkişafı üçün planlar hazırlanır.
Qeyd edək ki, hazırda məhsul yığımına 150 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Əkin sahələrinin 200 hektardan çoxu kombaynla yığılacaq. Bununla bağlı hazırlıq işləri artıq başa çatdırılıb. Maşınla yığım əsasən rayonun Qaziyan, Qaradağlı, Alpout, Yuxarı Şilyan ərazi vahidlərində aparılacaq.