ELM VƏ TƏHSİL
“Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda konfrans başa çatıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də Bakı Slavyan Universitetində (BSU) Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və BSU-nun birgə təşkilatçılığı ilə keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfransın bağlanış mərasimi olub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru, professor Asif Hacıyev üç gün davam edən elmi konfransın işi, proqram əsasında nəzərdə tutulmuş bölmələr, eyni zamanda, konfransla paralel keçirilən tələbə-şagird konfransı barədə məlumat verib. Konfrans çərçivəsində müxtəlif mövzularda “dəyirmi masa”lar, xarici qonaqların tələbələrlə görüşündən söz açan Asif Hacıyev xarici və yerli alimlərə minnətdarlığını bildirib. Rektor deyib: “Biz çox şadıq ki, bu konfrans Prezident İlham Əliyevin Sərəncamında ayrıca bir bənddə yer alıb. Azərbaycanda olan tolerant mühit bu gün dünyanın müxtəlif ölkəsindən gələn xarici alimləri bir araya toplayıb. Beynəlxalq konfransda 20 ildən çoxdur torpaqları işğal altında olan Azərbaycana aid tarixi faktlara, Qarabağ barədə fikirlərə aydınlıq gətirməyə şərait yarandı. Bunun sayəsində biz bir daha Azərbaycana məxsus torpaqların ermənilər tərəfindən işğal olunması həqiqətini dünyaya çatdıra bildik”. Rektor bu cür layihələrin davamlı olmasının vacibliyini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Konfransda yerli və xarici alimlərin bölmə iclaslarının işi barədə hesabatı dinlənilib. Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edən qonaqlar konfransı “Multikulturalizm ili” çərçivəsində həyata keçirilən layihələrə elmi töhfə kimi dəyərləndirib, təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Azərbaycan ərazisində müxtəlif dinlərə məxsus məbədlərin tarixi barədə hazırladığı film nümayiş olunub. BSU-nun, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, BSU nəzdində Məktəb Lisey Kompleksinin şagirdləri bədii kompozisiya göstəriblər.
Qeyd edək ki, konfransa 330 yerli və xarici alimin məqalələri qəbul olunub. Tədbirdə 10 ölkədən 21 qonaq (Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, İtaliya, ABŞ, Qazaxıstan, Moldova, İsveç, Polşa), eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Baş Prokurorluğu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Məhkəmə Ekspertizası Mərkəzi, AMEA-nın elmi-tədqiqat institutları və Naxçıvan bölməsinin, respublikanın 16 universitetinin nümayəndələri iştirak ediblər.