CƏMİYYƏT
Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün uğurla davam etdirilir
Sumqayıt, 5 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC
5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıtda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi, təhsil sahəsi də inkişaf etməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilir, müəllim və şagirdlərə göstərilən qayğı gündən-günə daha da artır.
Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd edilib.
Çıxış edən ziyalılar Sumqayıt müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.
X X X
Abşeron rayon ictimaiyyəti və təhsil işçiləri Beynəlxalq Müəllimlər Günü münasibətilə Xırdalan şəhərindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova müəllimləri təbrik edərək, ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışıb. İ.Gülməmmədova Prezident İlham Əliyevin tapşırığı ilə son illər respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər və keçən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə rayonda son 10 ildə 30-a yaxın məktəb binası, 20-dən çox uşaq bağçası-körpələr evi inşa edilib, əksər məktəblər isə əsaslı təmir olunub.
Tədbirdə çıxış edən müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisinə hədiyyələr və fəxri fərmanlar təqdim olunub.