CƏMİYYƏT
“Ümumrespublika yaşıllaşdırma marafonu”na qoşulan Suraxanı sakinləri indiyədək 2400 ədəd ağac əkmişlər
Bakı, 24 noyabr, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə noyabrın 5-də start verilən “Ümumrespublika yaşıllaşdırma marafonu”na Suraxanı sakinləri də qoşulublar.
Suraxanılılar ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsini nəzərdə tutan və ekoloji mühitin sağlamlaşdırmasına xidmət edən bu nəcib təşəbbüsü dəstəkləyərək rayonun bütün qəsəbələrində ağacəkmə aksiyalarına başlayıblar.
Növbəti ağacəkmə kampaniyasında Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, qəsəbə bələdiyyələrinin, sənaye, səhiyyə, təhsil müəssisələrinin kollektivləri 700 ədəd ağac əkmişlər.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, bununla yanaşı, Əmircan qəsəbəsinin Balandin küçəsində 350 ədəd, Qaraçuxur qəsəbəsinin Yusif Eyvazov küçəsindəki 318 nömrəli məktəbin qarşısında 250 ədəd və Zığ qəsəbəsi, Qum adasında 100 ədəd kiparis ağacı, 1 palma və 60 dekorativ kol əkilmişdir.
Ümumilikdə isə indiyədək rayonda 2400 ədəd zeytun və kiparis ağacı əkilmişdir.