MƏDƏNİYYƏT
“Uşaq musiqisi və onların musiqi-estetik tərbiyəsi” mövzusunda elmi-praktik konfrans keçirilib
Bakı, 26 noyabr, Ceyhun Alışlı, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Uşaq musiqisi və onların musiqi-estetik tərbiyəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, Bəstəkarlar İttifaqında təşkil olunan konfransda ittifaqın sədri, Xalq Artisti, bəstəkar Firəngiz Əlizadə uşaq musiqisinin aktual problemlərinə toxunaraq, bu istiqamətdə atılan addımların uşaqlarda musiqi zövqünün formalaşmasına müsbət təsir edəcəyini diqqətə çatdırıb. Həmçinin, görülən işlərin uşaqların estetik tərbiyəsinə, yaradıcılıq baxımından professional musiqiçi kimi yetişmələrinə yardımçı olacağını qeyd edən bəstəkar, uşaq musiqi əsərlərinin yaranmasına, təbliğinə xüsusi diqqət ayırmağın vacibliyindən söz açıb.
Əməkdar İncəsənət Xadimi, professor İmruz Əfəndiyeva “Uşaq və gənclərin musiqi-estetik tərbiyəsində musiqinin rolu” mövzusunda məruzə ilə çıxış edib. İmruz Əfəndiyeva görkəmli bəstəkarlarımızın yaradıcılığında kifayət qədər populyarlıq qazanmış uşaq musiqi əsərlərinin olduğunu vurğulayaraq bunun hazırda bir sıra bəstəkarlarımız tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Daha sonra konfransda “Uşaq musiqi məktəblərinin fortepiano ixtisası üçün 12 dərslik haqqında”, “Azərbaycan uşaq musiqisinin inkişaf mərhələləri”, “Uşaq xor təlimi prosesində tərbiyə və təhsil məsələləri” mövzusunda məruzələr dinlənilib. Konfrans 3 nömrəli 11 illik musiqi məktəbinin “Renessans” uşaq xorunun təşkil etdiyi konsert proqramı ilə davam edib.