CƏMİYYƏT
Uşaq sığınacağının sakinləri üçün tədbir təşkil olunacaq
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki uşaq sığınacağının sakinlərini təhsilə cəlb etmək məqsədilə fəaliyyət göstərən “Çərpələng” məktəbəqədər təhsil kursu “ASAN könüllüləri” təşkilatının dəstəyi ilə sentyabrın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında “Çərpələngin ilk uçuşu” adlı tədbir keçirəcək.
Tədbirdə uşaq sığınacağının balaca sakinlərinin hazırladığı teatr səhnəcikləri, şeirlər, musiqilər, rəqslər nümayiş etdiriləcək.
Biletləri +994514736102, +994552783513 telefon nömrələri ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Konsert üçün bilet satışından əldə olunacaq gəlir sığınacaqda məskunlaşmış uşaqların təhsilinə sərf ediləcək.
Tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətdə sosial məsuliyyət anlayışını genişləndirmək, valideyn himayəsindən məhrum olan uşaqların təhsil və digər problemlərinin həllində cəmiyyətin rolunu göstərmək, sığınacağın sakinlərinin daha keyfiyyətli təhsil almalarına şərait yaratmaqdır.
“Uşaqlara ASAN sevgi” şüarı ilə sosial məsuliyyət hislərini aşılayan bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə əhalinin sosial cəhətdən həssas qruplarına aid uşaqların arzularını gerçəkləşdirir.