CƏMİYYƏT
Uşaqlar tullantılardan incəsənət nümunələri hazırlayıblar
Bakı, 1 iyul, AZƏRTAC
IDEA İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində 6-11 yaşlı uşaqlar üçün tullantılar və onların təkrar istifadəsinə dair növbəti təlim təşkil olunub.
IDEA və “Sevimli bala” təşkilatının birgə layihəsi olan “Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində keçirilən təlim zamanı uşaqlara avtomobillərin ətraf mühitə zərəri və ekoloji təmiz nəqliyyat vasitələri, o cümlədən velosipeddən istifadənin üstünlükləri izah edilib.
IDEA-dan AZƏRTAC-a verilən məlumata görə, bununla yanaşı, dünyanın ekoloji cəhətdən təmiz və çirkli şəhərləri barədə geniş məlumatlar verilib. Uşaqlar ətraf mühitin təmiz saxlanması naminə tullantıların azaldılması, təkrar istifadəsi, həmçinin “davamlı şəhərin” qurulması yolları ilə də yaxından tanış olublar. Bundan əlavə, gənc təbiətsevərlər əyləncəli bilik yarışlarında və müxtəlif müsabiqələrdə, bir sıra laboratoriya sınaqlarında iştirak edib, tullantıların təkrar emal prosesini izləyərək tullantılardan incəsənət nümunələri hazırlayıblar.
IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunan sayca altıncı təlim laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də “davamlı şəhər” anlayışını erkən yaşlarından qavramaları baxımından faydalı olub.