CƏMİYYƏT
“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirildi
Bakı, 15 may, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilib. Uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan laboratoriyanın may təlimi ağaclar və fəsillər mövzusuna həsr olunub.
IDEA İctimai Birliyindən AZƏRTAC –a bildiriblər ki, təlim zamanı uşaqlara ilin fəsilləri və onların xüsusiyyətləri barədə geniş məlumat verilib, həmçinin kiçik ekoloqlar ağacların insan həyatında rolu, ilin fəsillərinə uyğun olaraq dəyişməsi və inkişafı prosesi ilə tanış olublar.
Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində və interaktiv oyunlarda iştirak edib, müxtəlif materiallardan istifadə etməklə kiçik “sənət əsərləri” hazırlayıblar. Sonra uşaqları yaşıllıqların qorunmasına təşviq etmək məqsədilə birgə ağaclar əkilib və onlara qulluq qaydaları göstərilib.
IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunmuş may laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ağacların planetimiz üçün böyük əhəmiyyətə malik olduğunu kiçik yaşlardan dərk etmələrinə töhfə verib.
Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim ediblər.
IDEA İctimai Birliyinin Bakı və Gəncə şəhərlərində yerləşən Resurs Mərkəzlərində hər ay təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA ilə (Bakı şəhəri üçün: 012 497-63-16; Gəncə şəhəri üçün: 022 264-01-48 ) əlaqə saxlamaq xahiş olunur.