CƏMİYYƏT
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
Bakı, 25 iyul, AZƏRTAC
Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi, KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası (KOAZ) və Koreya Dövlət Təqaüd Proqramının (KGSP) məzunları valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib.
AZƏRTAC xəbər verir ki, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyunun da iştirak etdiyi tədbir çərçivəsində uşaqlar Bakıdakı ticarət və əyləncə mərkəzlərindən birində “Buz dövrü” cizgi filmini seyr ediblər. Sonra nahar süfrəsinə qonaq edilən uşaqlara KOICA tərəfindən hədiyyələr təqdim olunub. Tədbirdə KOICA-nın, KOAZ-ın və KGSP-nin təmsilçiləri uşaqlara xoş anlar yaşadıblar.
KOICA-nın Azərbaycan nümayəndəliyinin direktoru Choi Yonjae təmsil etdiyi qurumun ölkəmizdəki fəaliyyəti barədə məlumat verib. Vurğulayıb ki, KOICA Azərbaycan hökuməti ilə qrant layihələri həyata keçirməklə yanaşı, bu ölkədəki internat məktəbləri və uşaq evləri üçün xeyriyyə tədbirləri də təşkil edir. Bu baxımdan prioritet sahə valideyn himayəsindən məhrum, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək məqsədi daşıyan humanitar layihələrin həyata keçirilməsidir. KOICA tərəfindən həyata keçirilən bu kimi humanitar və sosial yönümlü tədbirlər ölkələrimiz arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi töhfə verir.
KOICA inkişaf etməkdə olan ölkələr üçün qrant və əməkdaşlıq proqramlarının həyata keçirilməsi məqsədilə 1991-ci ildə Koreya Respublikası Xarici İşlər və Ticarət Nazirliyinin tabeliyində yaradılmış dövlət agentliyidir. KOICA-nın Azərbaycan nümayəndəliyi 2009-cu ilin fevralında təsis edilib. Qurum ilə əməkdaşlığa başlanıldığı vaxtdan indiyədək ümumilikdə 10 qrant razılaşması imzalanıb. Bundan əlavə, KOICA 1996-cü ildən etibarən azərbaycanlı dövlət qulluqçularını və tələbələri müxtəlif təlim və təqaüd proqramlarına dəvət edir.