İQTİSADİYYAT


Vergilər Nazirliyində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

Bakı, 31 may, AZƏRTAC

Vergilər Nazirliyində Açıq Hökumət Platformasının üzvləri, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergi orqanlarında aparılmış islahatlar və Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin daha da yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi və şəffaf uçotun qurulmasıdır.

Görüşdə “Nağdsız hesablaşmalar haqqında” Qanun və müvafiq olaraq Vergi Məcəlləsində bununla bağlı edilmiş əlavə və dəyişikliklərə də toxunulub. S.Musayeva dəyişikliklərin bütövlükdə ölkədə nağdsız əməliyyatların həcminin artması, pul dövriyyəsinin tənzimlənməsi, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsi, əməkhaqlarının və digər ödənişlərin leqallaşması və nəticədə ölkənin beynəlxalq reytinqinin daha da artırılması məqsədi daşıdığını bildirib.

Qeyd edilib ki, müasir dövrün tələblərindən irəli gələrək maliyyə bazarının inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin daha da təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması tədbirlərinin ardıcıl olaraq davam etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, müşahidə oluna bilməyən iqtisadiyyatın (gizli iqtisadiyyat) həcminin azaldılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir. Nağd ödənişlərin məhdudlaşdırılması ilə əlaqədar müddəaların dünyanın qabaqcıl dövlətlərinin qanunvericiliyində də əks olunması görüş iştirakçılarının nəzərinə çatdırılıb. Qeyd olunub ki, nəzarətdən kənar qalan iqtisadi əməliyyatlar bir tərəfdən dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına, digər tərəfdən isə dövlətin iqtisadi tənzimləmə üsullarının effektivliyinin aşağı düşməsinə səbəb olur.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə müəyyən olunmuş hədəflər, yol xəritələrində Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı olan istiqamətlərdən danışılarkən qeyd olunub ki, nazirliyin əsas icraçı olduğu istiqamətlər əlverişli biznes mühitinin inkişaf etdirilməsi məqsədilə səmərəli vergi sisteminin təşviq edilməsi, kiçik və orta sahibkarlıq subyektlərində aparılan yoxlamaların optimallaşdırılması və onların risk dərəcələri əsasında aparılması, bu sahədə stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, kənd təsərrüfatı məhsullarının daxili bazarda ticarəti üzrə uçot göstəricilərinin tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi ilə bağlıdır.

Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev vergi sistemində aparılan islahatların vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən daim diqqətdə saxlanıldığını vurğulayıb. Bildirilib ki, son zamanlar vergi sistemində aparılan islahatlar mühüm əhəmiyyət kəsb edir və bu islahatların həyata keçirilməsində vətəndaş cəmiyyətinin iştirakı mühümdür. İqtisadiyyatın aparıcı qüvvəsi olan vergi siyasətinin təkmil şəkildə formalaşması üçün Vergilər Nazirliyinin apardığı siyasət və bu siyasətin tərkib hissələrindən biri olan ictimai qurumlarla əməkdaşlıq QHT nümayəndələri tərəfindən yüksək qiymətləndirilir.

Görüşdə vətəndaş cəmiyyəti nümayəndələrini maraqlandıran müxtəlif məsələlər barədə müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.