CƏMİYYƏT
“Vətən səsi” vətənpərvərlik mahnıları müsabiqəsinin qalibləri müəyyənləşib
Bakı, 10 oktyabr, AZƏRTAC
Suraxanı Gənclər Evində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında “Vətən səsi” vətənpərvərlik mahnıları mövzusunda müsabiqə keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqə iştirakçılarının ifalarının qiymətləndirilməsi üçün 4 nəfərdən ibarət münsiflər heyəti təyin olunub.
Tədbiri Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov açaraq iştirakçıları müsabiqənin keçirilmə şərtləri ilə tanış edib, onlara uğurlar arzulayıb.
İştirakçıları dinlədikdən sonra münsiflər heyətinin yekdil qərarına əsasən xarici dillər təmayüllü gimnaziya məktəbinin şagirdi Murad İbrahimov, 226 saylı orta məktəbin şagirdi Nərmin Talıblı və 280 saylı orta məktəbin şagirdi Tural Əmiraslanlı I yerə, 285 saylı orta məktəbin şagirdi Rəvan Şahmarlı, 196 saylı musiqi məktəbin şagirdi Fidan İbrahimli, 65 saylı orta məktəbin şagirdi Ülkər Məmiyeva II yerə, 87 saylı orta məktəbin şagirdi Mövsüm Salamzadə, 281 saylı orta məktəbin şagirdi Fatimə Şıxıyeva və 101 saylı orta məktəbin şagirdi Sadıq Əliyev isə III yerə layiq görülüblər.
Qaliblər Baş İdarənin diplomları ilə mükafatlandırılıblar.