İQTİSADİYYAT


Viza rejiminin sadələşdirilməsi nəticəsində Ərəb ölkələri üzrə Azərbaycana gələn turistlərin sayı kəskin artıb

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq 2016-cı ilin fevralın 1-dən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrin vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edilməsi mövcud turist axınına öz müsbət təsirini göstərib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, adıçəkilən ölkələrin böyük əksəriyyətindən ölkəmizə gələn əcnəbi vətəndaşların sayında əsaslı artım qeydə alınıb.

Qeyd edək ki, Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, həmçinin Azərbaycanın bu ölkələrdə təbliğat və təşviqat kampaniyalarının təşkil olunması istiqamətində 2011-ci ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin məntiqi davamı olaraq Körfəz ölkələrinə münasibətdə viza rejiminin sadələşdirilməsi bu istiqamətdə görülən işlərin son illər daha uğurlu nəticələr göstərməsinə təkan verib.

Məlumat üçün bildirək ki, Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 10086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 422 nəfər olmaqla 13 dəfə artım qeydə alınıb.

Bununla yanaşı, Ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınıb. Cari ilin ilk altı ayı ərzində 11028 nəfər İraq vətəndaşı ölkəmizə səfər edib ki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən 30 dəfə (376 nəfər) çoxdur.

2016-cı ilin birinci yarımili ərzində Ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 22 min nəfər çoxdur.

Beləliklə, işgüzar əlaqələri təşviq etmək və turist səfərlərini artırmaq məqsədilə son illərdə ölkəmizdə həyata keçirilən viza rəsmiləşdirilməsinə dair islahatlar, eləcə də hədəf bazarlar üzrə Azərbaycanın müsbət turizm imicinin yaradılması istiqamətində aparılan məqsədyönlü tədbirlər Ərəb ölkələri arasında ölkəmizin prioritet turizm mərkəzlərindən birinə çevrilməsinə öz müsbət töhfəsini verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.