SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ QƏBUL
Avqustun 14-də Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev ölkəmizə işgüzar səfərə gəlmiş Gürcüstanın xarici işlər naziri İrakli Menağarişvilini qəbul etmişdir.
Respublikamızın xarici siyasət idarəsinin başçısı qonağı salamlayaraq ümidvar olduğunu bildirdi ki, Azərbaycan-Gürcüstan danışıqları uğurla nəticələnəcəkdir.
Irakli Menağarişvili Gürcüstan Prezidenti Eduard Şevardnadzenin Azərbaycana səfərinin baş tutmaması səbəblərindən danışaraq vurğuladı ki, o, Bakıya Gürcüstan dövləti başçısının tapşırığı ilə, qarşıdakı səfərin proqramındakı məsələləri müzakirə etmək üçün gəlmişdir.
Görüşdə regional təhlükəsizlik və GUÖAM, TRASEKA çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, habelə Avropa qurumları ilə münasibətlərdə ölkələrimizin mövqelərinin əlaqələndirilməsi ilə bağlı məsələlərə toxunulmuşdur.
Irakli Menağarişvili bildirdi ki, Gürcüstan son vaxtlar Xəzərdə baş verən hadisələrin gedişini təşvislə izləyir. Gürcüstan və Azərbaycan regionda sabitlik olmasını istəməyən qüvvələrə müqavimət göstərmək üçün iqtisadi əməkdaşlıq sahəsində səylərini səfərbər etməlidirlər.
Qəbulda Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze, Azərbaycanın Tbilisidəki səfiri Hacan Hacıyev iştirak edirdilər.