DÜNYA
“Xaç atası” filminin çəkildiyi malikanə 195 milyon dollara satışa çıxarılıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Məşhur “Xaç atası” filminin səhnələrinin çəkildiyi Los-Anceles dairəsində yerləşən malikanə 195 milyon dollara satışa çıxarılıb.
AZƏRTAC Xarici KİV-lərə istinadla xəbər verir ki, 1925-ci ildə Los-Ancelesin qərbindəki məşhur Beverli-Hillz rayonunda tikilən həmin bina ABŞ-da və dünyada ən bahalı daşınmaz əmlaklardan biridir. Malikanənin iki hektarlıq ərazisində gecə klubu və kinoteatrın da daxil olduğu 6 tikili yerləşir. Yaşayış kompleksi isə 28 yataq otağı və 38 sanitar qovşaqdan ibarətdir.
Kolorado çayının aşağı axarındakı “Quver” bəndinin tikintisində iştirakı ilə məşhurlaşan amerikalı memar Qordon Kaufmanın layihələndirdiyi malikanədə, həmçinin gözəl bağçalar, iki tennis kortu, hovuz və qonaqları qəbul etmək üçün 400 nəfərlik zona var. Son zamanlar ayı 600 min dollara kirayə verilən daşınmaz əmlakın hazırkı sahibi investor Leonard Ross onu əvvəlki qiymətindən 30 milyon dollar baha satmaq fikrindədir.
ABŞ-ın 35-ci Prezidenti Con Kennedi və onun həyat yoldaşı Jaklin 1953-cü ildə bal ayını bu malikanədə keçiriblər. Əfsanəvi “Xaç atası” filminin bir neçə səhnəsi də burada çəkilib.