RƏSMİ XRONİKA


Xaçmazda Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı olub VİDEO

A+ A

Xaçmaz, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb. Burada dünyanın nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, Azərbaycan iqtisadiyyatının ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara və sənədlərə geniş yer verilib. Mərkəzdə əbədiyaşar liderin həyat və fəaliyyətinə dair tarixi sənədlər də nümayiş etdirilir.

Məlumat verildi ki, binanın inşasına 2015-ci ilin fevralında başlanılıb və 2016-cı ilin mart ayında tikinti işləri başa çatdırılıb.

Mərkəzdə kompyuterlər və digər müasir avadanlıqla təchiz olunan xidməti otaqlar fəaliyyət göstərəcək. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün böyük konfrans zalı var. Ümumi tikinti sahəsi 1100 kvadratmetr olan Mərkəzin binası iki mərtəbədən və müxtəlif təyinatlı bölmələrin fəaliyyət göstərdiyi otaqlardan ibarətdir. Birinci mərtəbədə Heydər Əliyev muzeyi, sərgi zalı, xalçaçılıq dərnəyi, 300 nəfərlik kino-konsert zalı var. İkinci mərtəbədə isə rəsm studiyası, fotostudiya, elektron kitabxana, kompyuter, rəqs və intellektual oyun dərnəkləri yaradılıb.

Prezident İlham Əliyev Mərkəzin binasını gəzərək yaradılan şəraitlə tanış oldu və müvafiq tapşırıqlarını verdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır