REGİONLAR
Xalq Artisti fəxri adı məsuliyyətimi daha da artırıb
Xaçmaz, 20 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xalq Artisti fəxri adına layiq görüldüyüm barədə xəbəri Şəkidə olarkən eşitdim. Bacım Gülyaz Məmmədova zəng edib bu şad xəbəri mənə çatdıranda doğma rayonumuzdakı uşaq yaşlarımda tədbirlərdə çıxış etdiyim səhnədə idim. Bir anlıq bu kiçik səhnədən başlayıb, Xalq Artisti zirvəsinə qədər yüksələn sənət yolum gözümün qarşısından keçdi.
Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 18 dekabr tarixli Sərəncamına əsasən Xalq Artisti fəxri adına layiq görülən Gülyanaq Məmmədova Xaçmaz şəhərində AZƏRTAC-a eksklüziv müsahibəsində səsləndirib.
Xalq Artisti onu bu fəxri ada layiq görüldüyünə görə ailəsi və bütün sənətsevərləri adından dövlətimizin başçısına minnətdarlığını ifadə edərək deyib: “Sərəncam veriləndən sonra mənə olunan saysız- hesabsız zənglərdən anladım ki, bu xəbəri gözləyən çox sayda insanlar vardı. Fəxri ada layiq görülməyim yalnız mənim əməyimə verilən qiymət deyil. Bu, ümumilikdə, Prezidentimizin Azərbaycan musiqisinə, incəsənətinə yüksək diqqət və qayğısının əyani təzahürüdür. Xalq Artisti adı məsuliyyətimi daha da artırır. Bundan sonra da ölkəmizi, musiqimizi layiqincə təmsil etməyə çalışacağam”.
Xatırladaq ki, Xalq Artisti Gülyanaq Məmmədova dekabrın 20-də ilk klip təqdimatını Xaçmaz şəhərində keçirib.