REGİONLAR
“Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın III mərhələsi Ordubad rayonunda keçirilib
Ordubad, 4 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin təşkilatçılığı ilə keçirilən “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi - 2016”nın III mərhələsi Ordubad şəhərindəki mədəniyyət evində keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirin aparıcıları Azərbaycan xalqının zəngin folklorunda xüsusi yer tutan xalq mahnılarının janr rəngarəngliyi, forma və bədii xüsusiyyətləri barədə danışıblar.
Bildirilib ki, Azərbaycan xalqının qədim və zəngin musiqi yaradıcılığında özünəməxsus yeri və rolu olan xalq mahnıları ürəkaçan melodiyaları, poetik obrazları ilə hər bir dinləyicinin qəlbinə yol tapır.
Aparıcılar müsabiqənin münsiflər heyətini tamaşaçılara təqdim ediblər.
Əsas turun ikinci mərhələsində iştirak etmiş ifaçılar haqqında qısa məlumat verilib, onların II mərhələdə topladıqları ballar bir daha elan olunub.
Sonra qəlbləri riqqətə gətirən xalq mahnıları səsləndirilib. Tarda Sərxan Abdullayevin, kamançada Nurlan Nuriyevin, udda Cəlil İsmayılovun, qanunda Günel Fərəcovanın, balabanda Nihad Quliyevin, nağarada Mahir Rüstəmovun müşayiəti ilə müsabiqə iştirakçıları Mürsəl Tağılı, İlham Məmmədov, Fərman Allahverdiyev, Məhərrəm Quliyev, Aqil Adilzadə və digərləri xalq mahnılarını ifa ediblər. Budəfəki mərhələdə iştirakçılar arasında yaşca ən balaca olan Təyyar Mədətli, Səfər Cəfərov, Ataxan Quliyev, Yusif Hacıyev öz istedadlarını nümayiş etdirə biliblər.
Əsas turun dördüncü mərhələsinin Culfa rayonunda keçirilməsi nəzərdə tutulub.
Müsabiqənin keçirilməsində məqsəd milli musiqi mədəniyyətimizin və incəsənətimizin təbliğ edilməsi, həmçinin xalq mahnı və təsniflərinin ifaçılığı üzrə istedadlı şəxslərin aşkara çıxarılması və onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir. Müsabiqənin əsas turunun birinci mərhələsinə aprel ayının 29-da Naxçıvan şəhərində start verilib. Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb. Müsabiqədə münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb. Müsabiqənin gedişində konsertə qədər iştirakçılar həftədə iki dəfə olmaqla peşəkar müəllimlərin rəhbərliyi altında ansamblla məşq edirlər. Əsas tur ayda bir dəfə olmaqla, 7 mərhələdə və hər mərhələ növbə ilə muxtar respublikanın bir rayonunda təşkil edilir. Müsabiqənin yekun konsertinin noyabr ayında Naxçıvan şəhərində keçirilməsi nəzərdə tutulub. Qaliblər yekun konsertində mükafatlandırılacaqlar.