İQTİSADİYYAT


Xarici öhdəliklərin restrukturizasiyası prosesi "ABB-Moskva" və "ABB-Gürcüstan"a aid olmayacaq

Bakı, 15 may, AZƏRTAC

"Azərbaycan Beynəlxalq Bankı"nın xarici öhdəliklərinin restrukturizasiyası prosesi bankın törəmə müəssisələri olan "Azərbaycan Beynəlxalq Bankı–Moskva"nın ("ABB-Moskva") və "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan"ın ("ABB-Gürcüstan") fəaliyyətinə aid olmayacaq.

Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, adıçəkilən törəmə müəssisələr xarici öhdəliklərə malik deyil. Bu banklar Rusiya və Gürcüstan dövlətlərindən alınmış müvafiq lisenziya əsasında həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bu ölkələrin mərkəzi banklarının qəbul etdiyi bütün normativlərə əməl edir. Hər iki törəmə bankın maliyyə durumunun adekvatlığı onların fəaliyyət göstərdiyi Rusiya və Gürcüstanın mərkəzi banklarının müəyyən etdiyi normativ tələblərdən dəfələrlə yaxşıdır.

Hazırda həm "ABB–Moskva", həm də "ABB-Gürcüstan" universal bank olaraq bu ölkələrin ən aparıcı maliyyə-kredit təşkilatı sırasına daxildir. 2016-cı ilin oktyabrında Moody's beynəlxalq reytinq agentliyi "ABB-Moskva"nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini "В3" səviyyəsindən "В2" səviyyəsinə qədər artırıb. Bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) b3-dən b2 pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də əvvəlki B-2 deyil, daha yüksək B-1 səviyyəsində dəyərləndirilib. Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.

"ABB–Moskva" və "ABB-Gürcüstan" hazırda müştərilər qarşısındakı öhdəliklərini uğurla yerinə yetirir. Rusiya və Gürcüstanın maliyyə bazarındakı uzunmüddətli işgüzar nüfuzunu qoruyub saxlayır. Fəaliyyətinin müasir tələbələrə uyğun qurulması üçün strateji inkişaf planına uyğun müvafiq tədbirləri davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.